
Bakı. Trend:
Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerji
mənbələrinin payı artmaqda davam edir.
Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin məlumatına əsasən, bu ilin üçüncü rübündə
külək və Günəş enerjisindən indiyə qədər həmin dövr üçün ən yüksək
həcmdə elektrik enerjisi istehsal olunub. İyul-sentyabr aylarında
daxili elektrik enerjisi istehsalının təxminən 64 faizi bərpaolunan
mənbələrdən əldə edilib.
Bərpaolunan enerji mənbələri arasında əsas pay (26,8 faiz) külək
enerjisinə məxsusdur. Günəş enerjisindən istehsal isə 24,1 faiz
paya malik olub. Hər iki sahədə artım genişləndirmə işləri
sayəsində rekord səviyyəyə çatıb.
Eyni zamanda, idxal olunan elektrik enerjisi 11,9 faiz azalaraq
20,7 milyard kilovat-saata düşüb. İxrac isə 5,9 faiz artaraq 12,5
milyard kilovat-saata yüksəlib. Statistikaya əsasən, idxal-ixrac
balansındakı artıq həcm təxminən 30 faiz azalıb. Bu onu göstərir
ki, Almaniyada enerji həcmi daha çox yaşıl mənbələr istiqamətində
şaxələnir.

