Milli Gimnastika Arenasında “Winter Fairytale” beynəlxalq turniri keçirilib.
“Report” xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı bir araya gələrək arenada öz istedadlarını nümayiş etdiriblər.
Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış edərək yaradıcılıqlarını və texniki bacarıqlarını sərgiləyiblər.
Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıb.
Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün ustad dərsi keçib. Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb.
Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslar və elementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi bu ustad dərsi turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz bir təcrübəyə çevrilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

