Biləsuvarda avtomobil kanala aşıb, ölən 5 nəfərdən ikisi qardaşdır – YENİLƏNİB-3

Baş səhifə

Bu gün saat 03:15 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Bildirilib ki, ona suda boğulma və ağciyər ödemi diaqnozu təyin edilib.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

saat 11.47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

saat 11.13

Biləsuvarda qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanala aşan “Lexus” markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.

Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.

Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 10.54

Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.

***

saat 09.44

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.