Bu gün Azərbaycan parlamentinin yaranmasının 107 ili tamam olur.
Modern.az-ın xatırlatdığına görə, məhz 1918-ci ilin 7 dekabr tarixində, saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirilib. Bu hadisə Azərbaycan tarixində son dərəcə əlamətdar sayılır. Beləliklə, yeni yaradılmış Cümhuriyyət öz mövcudluğunu və demokratik prinsiplərə sadiqliyini dünya ictimaiyyətinə göstərmişdi. Parlamentin ölkəmizin dövlətçilik ənənələri, parlament idarəçiliyi və ictimai-siyasi fikir tarixində xüsusi yeri olduğu danılmazdır.

24 min nəfərə bir deputat seçilməsi prinsipi əsasında təşkil olunan Azərbaycan Cümhuriyyəti Parlamenti ümumilikdə 120 üzvdən ibarət idi. Sayları az olmasına baxmayaraq, ölkədə yaşayan alman, gürcü, polyak və yəhudi icmalarına da ayrıca nümayəndə seçmək imkanı verilməsi onların parlamentdə təmsilçiliyini təmin edib.
İlk iclasda Azərbaycan milli hərəkatının liderlərindən və müsəlman dünyasında tanınmış ziyalılardan olan hüquqşünas Əlimərdan bəy Topçubaşov yekdilliklə parlament sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilmişdi.

Cümhuriyyət Parlamentində 11 fraksiya və eyni sayda komissiya fəaliyyət göstərirdi. 1918-ci ilin 7 dekabrından 1920-ci ilin 27 aprel tarixinədək mövcud olan parlament 16 ay 20 gün – ümumilikdə 506 gün fəaliyyət göstərib və bu müddətdə 145 iclas çağırılıb. Kvorum olmadığı üçün həmin iclasların 15-i baş tutmayıb.
145 iclasın 130-u keçirilmiş, onların bir hissəsi xüsusi və tarixi xarakter daşıyıb: 1919-cu il 28 may və 15 sentyabr tarixli iclaslar Azərbaycanın istiqlalının və Bakının azad olunmasının ildönümlərinə həsr olunub; 12 mart 1919 və 12 mart 1920-ci il iclasları isə Böyük Rus İnqilabının yubileylərinə ithaf edilib. Bundan başqa, 27 iyun 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq barədə müqavilənin imzalanması, 14 yanvar 1920-ci ildə isə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilən iclaslar xüsusi qeyd olunmalıdır. İki iclas fövqəladə toplantı kimi 1918-ci ildə Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci ildə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq müqavilələrinin təsdiqi ilə bağlı baş tutub.

Digər 122 iclas sırf işgüzar xarakter daşımış, burada ölkənin daxili və xarici siyasəti, iqtisadi, aqrar, sosial, maliyyə məsələləri, qanunvericilik təşəbbüsləri, ordu quruculuğu və mədəni inkişafla bağlı qərarlar qəbul olunub. Parlamentdə 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, onların təxminən 230-u qəbul edilmiş, digər layihələr isə yenidən işlənməsi üçün komissiyalara qaytarılıb.
1920-ci il aprelin 27-də bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə Parlamentin fəaliyyəti də dayandırıldı və sovet dövründə onu Ali Sovet əvəz etdi.

1991-ci ildə müstəqilliyin bərpasından sonra, 1995-ci il 12 noyabr tarixində müasir Milli Məclisə ilk parlament seçkiləri keçirilib və Konstitusiyaya əsasən parlament 125 deputatdan ibarət müəyyən olunub. Müstəqillik dövründə parlamentə Elmira Qafarova, Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov və Oqtay Əsədov rəhbərlik ediblər. Hazırda parlamentin sədri Sahibə Qafarovadır.

