“ƏDV geri al” layihəsi çərçivəsində 172,3 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb

Baş səhifə

Bakı. Trend:

“ƏDV geri al” layihəsi çərçivəsində 172,3 mln. manatdan çox
vəsait istehlakçılara qaytarılıb.

Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti məlumat yayıb.




Bildirilib ki, 2025-ci ilin yanvar – noyabr ayları ərzində ölkə
ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,
alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr
tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin
konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən
göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar
tərəfindən istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min
manat olub.

Yanvar – noyabr aylarında xarici vətəndaşlar tərəfindən
respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə
dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 9
milyon 819,7 min manat təşkil edib.