Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə
üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

Trend xəbər verir ki,
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk
növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Baş naziri Kir Starmerin salamlarını dövlətimizin başçısına
çatdırdı.

Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada
əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji
tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını
vurğuladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi. Prezident İlham
Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü
məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən
dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji
sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə
etdiyini vurğuladı. Prezident İlham Əliyev ticarət, investisiya və
digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı
imkanların olduğunu dedi. Dövlətimizin başçısı hazırda ölkələrimiz
arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni
səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın
göstəricisi kimi qiymətləndirdi.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində
bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə
dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək,
bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə
ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxundu. Dövlətimizin
başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu
dedi və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da
səylərini davam etdirəcəyini vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.