Bakı.Trend:
Böyük Britaniya və Norveç Arktikada sualtı kritik infrastrukturu
qorumaq məqsədilə birgə hərbi-dəniz qüvvələrinin yaradılmasını
nəzərdə tutan müdafiə paktının imzalanmasına hazırlaşırlar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, son
illərdə Rusiya gəmilərinin Birləşmiş Krallıq suları yaxınlığında
aktivliyi 30% artıb. Yeni saziş sualtı kabelləri və boru
kəmərlərini qorumağa xidmət edəcək. Bu obyektlərin məhv edilməsi
infrastruktur üçün ciddi nəticələrə səbəb ola bilər.
“Qlobal qeyri-stabil vəziyyətin dərinləşdiyi bir dövrdə və bizim
sularımızda Rusiya gəmilərinin sayının artdığı vaxtda, milli
təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq
etməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və
ölkələrimizin asılı olduğu kritik infrastrukturu müdafiə etmək
imkanlarımızı gücləndirir”, – Britaniyanın Baş naziri Kir Starmer
bildirib.

