ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib: Memorandum imzalanıb

Baş səhifə

Bakı.Trend:

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi
keçirilib.

Trend xəbər verir ki, 2
dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt
platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.

Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ)
sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi
istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.
ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları,
özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq.
Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr,
akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri
ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı
əldə edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün
əhəmiyyətini vurğulayıb.

Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş
yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq
yaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznes
subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini
birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpü
rolunu oynayır.




Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Sahib Ələkbərov, Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal
transformasiya, iqtisadi inkişaf və elmi potensialın
gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan
öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni
intellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisi
Steve Nouri isə “Günümüzdə generativ süni intellekt, 2025”
mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni
intellektin tətbiq imkanları haqqında məlumat verib.

Tədbir çərçivəsində ASAN AI Hub ilə “Apolitical”, “Breakthrough
Social Enterprise” və “GenAI Works” arasında anlaşma memorandumları
imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya
ekosisteminə inteqrasiyasını gücləndirəcək.

Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü”
adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN
AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoru
və həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları
Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə
müəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiya
İncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlər
qismində çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlar
üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən
paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı,
inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr
aparıblar.