
Bakı. Trend:
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi
ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün
avtobuslar yenilənir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının
yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, marşrut üzrə
fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat
vasitələri ilə əvəzlənməsi həyata keçirilib.
Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə
olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan “Yutong”
markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən
təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı
0.60 AZN təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata
keçiriləcək.
Qeyd olunub ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və
təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə
saxlanılır.


