
Ötən gecə Türkiyənin Sakarya vilayətinin Pamukova rayonunda zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, təbiət hadisəsi əhali arasında panikaya səbəb olub, bir çox insan gecəni çöldə keçirib.
Seysmoloq Rza Dəmirtaş müvafiq qurumları hərəkətə keçməyə çağırıb. Mütəxəssis deyib ki, baş vermiş zəlzələ Şimali Anadolu fay xəttində qeydə alınıb: “Bu ərazidə sonuncu dəfə 1065-ci ildə zəlzələ olub. 960 il sonra meydana gələn zəlzələni xəbərdarlıq kimi qiymətləndirməliyik. Təkcə Pamukova, Sakarya deyil, İstanbul da risk altındadır. Daha güclü zəlzələnin baş vermək ehtimalı yüksəkdir”.
Rza Dəmirtaş müvafiq qurumları təxirəsalınmaz tədbirlər görməyə səsləyib. Mütəxəssis deyib ki, Pamukova rayonuna 70 kilometr məsafədə yerləşən bütün yasayış məntəqələri zəlzələ təhlükəsi ilə üz-üzədir: “Bu ərazidə monitorinq aparılmalı, zəlzələyə davamlı olmayan binalarda yaşayan əhalinin hamısı köçürülməlidir”.


