
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX)
nümayəndə heyəti İsveç Krallığına səfər çərçivəsində həmin ölkənin
Vergi Agentliyində işgüzar görüşlər keçirib.
Trend DVX-yə
istinadən xəbər verir ki, səfərin əsas məqsədi təcrübə
mübadiləsinin aparılması, vergi inzibatçılığı sahəsində qabaqcıl
beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya
proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiqi
imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan
vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.
Səfər çərçivəsində DVX-nin nümayəndə heyəti süni intellekt
əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri,
rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional
xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə
keçirilən təqdimat və müzakirələrdə iştirak edib. Bununla yanaşı,
beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük
həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının
gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi
mövzularında fikir mübadiləsi aparılıb.
Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da
genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə
proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu
sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.


