
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın vaxtlarda
Venesueladan quru yolu ilə həyata keçirilən narkotik daşımalarına
qarşı mübarizəyə start verəcəyini bildirib.
Trend xəbər verir
ki, dövlət başçısı bunu hərbçilərlə videokonfrans zamanı deyib.
“Buna nail olacağıq; biz artıq çox iş görmüşük. Dəniz daşımaları
85 faiz azaldılıb. Yəqin ki, insanların narkotikləri dəniz yolu ilə
daşımaq istəmədiyini görmüsünüz və biz onları quruda dayandırmağa
başlayacağıq. Quruda bunu etmək daha asandır və bu, çox yaxın
zamanda başlayacaq”, – deyə Tramp vurğulayıb.
O həmçinin ABŞ administrasiyasının yeni “B-2 Spirit” gizli
strateji bombardmançılarını sifariş etdiyini bildirib: “B-2-nin
dizaynındakı gizli texnologiya sayəsində 2025-ci ilin yayında İrana
qarşı əməliyyat uğurlu oldu. Mən həmin pilotlara, mexaniklərə, bu
bombardmançılara xidmət göstərən bütün insanlara təşəkkür etmək
istəyirəm. Biz sadəcə olaraq onların daha çoxunu sifariş
etdik”.


