
Bakı.Trend:
“Black Friday” kampaniyaları dünya üzrə ildən-ilə daha geniş
vüsət alan alış-veriş aksiyasıdır və şirkətlər bu dövrdə
müştəriləri cəlb etmək üçün çoxsaylı endirim, xüsusi təkliflər
təqdim edirlər. Bu, Azərbaycanda “Qara cümə” adlanır və noyabrın
sonuncu həftəsi müxtəlif mağazalarda təşkil edilir. “Black Friday”
dövründə alış-verişin kütləvi şəkildə artması ilə yanaşı,
qiymətlərdə saxtakarlıq halları da müşahidə olunur. Bir çox mağaza
endirim görüntüsü yaratmaq üçün əvvəlcə məhsulların qiymətini süni
şəkildə artırır, sonra isə “çox böyük endirim” adı ilə yenidən
aşağı salır.
Mövzuyla bağlı Azad İstehsalçılar Birliyinin sədri Eyyub
Hüseynov Trend-ə
açıqlamasında bildirib ki, “Qara Cümə”nin tarixi 18-ci əsrə gedib
çıxır və bu, istehlakçıları tora salmaq, onları cəlb etmək üçün bir
marketinq fəndidir.
“Heç də bundan ticarətçilər, satıcılar zərər çəkmir. Əgər
istehsalçılar zərər çəksəydilər, həmin günü “Qırmızı Cümə”
adlandırarlar. Bu, istehlakçılar üçün bir “qara gündür”. Ona görə “qara gün”dür ki, belə kampaniyalarda çoxlu sayda yararsız, vaxtı
keçmiş, ikinci əl, təzə adı ilə satılan, zavod defekti olan
malların satışı həyata keçirilir. Öncədən biznes qurumları buna
hazırlıq görürlər, əvvəl qiymətləri çox yüksək qoyurlar, sonra guya
aşağı salırlar və sair”.
Birlik sədri qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı
qərarına görə, istehlakçının hüququ var ki, malın əvvəlki qiymətini
də, sonrakı qiymətini də göstərən rəsmi sənədə baxsın və lazım
gələrsə, onu geri qaytarsın.
“Qara Cümə” günlərində həm həqiqi endirim ola bilər, həm də
yalançı. Həmin gün əslində istehlakçıların kütləvi aldadılma
günüdür. Əlbəttə, o günlərdə istehlakçılar canfəşanlıq edirlər,
tələb, təklif üst-üstə düşür, mütləq keyfiyyətsiz xidmət və
keyfiyyətsiz mal ortaya çıxır. Təəssüf ki, bu, istehlakçıların ən
çox aldandığı gündür.
Həmin günlərdə istehlakçı hüquqları pozularsa, 012-599-76-00
nömrəsi ilə Prezident yanında Antiinhisar və Bazarın Nəzarəti
Dövlət Agentliyinə məlumat vermələrini və ya Azad İstehlakçılar
Birliyinə yazılı müraciət etmələrini tövsiyə edirəm. Bu günlərdə ən
çox endirim mürəkkəb texniki cihazlara, paltaryuyanlara, plazmalara
tətbiq olunur. Alıcılar mütləq yerində onların keyfiyyətini
yoxlasınlar. Digər ölkələrdə də “Qara Cümə” keçirilir. Lakin bütün
ölkələrdə aldadılma da var, həqiqət də. Təəssüf ki, aldadılma
həqiqətdən daha çoxdur.
İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, “Black
Friday” endirimləri ilə bağlı qanun yoxdur, sadəcə şirkətlər
könüllü şəkildə bu prosesə qoşulurlar. Yəni heç kim şirkəti məcbur
etmir ki, bu kampaniyada iştirak etsin.
“Bu, sadəcə satışda bir endirim kampaniyasıdır. Bu baxımdan,
təbii ki, gerçəkdir. Alıcılar da kifayət qədər ağıllı və həssasdır,
qiymətləri müqayisə edə bilirlər. Məsələn, daim qiymətlərindən
xəbərdar olduğum fitness klubu əvvəl 50%-ə qədər endirim edirdi.
Mən şəxsən o qiymətləri izləyirdim deyə endirimin real olduğunu
bilirəm.
Amma, əlbəttə, fırıldaqçılıq edənlər də var. Bu, o demək deyil
ki, bütün şirkətlər belədir. Prosesdən sui-istifadə edənlər, reklam
mesajlarını səhv verənlər, rəqabət məcəlləsini pozan şirkətlər də
olur. Amma ümumən “Black Friday” endirimləri kifayət qədər
gerçəkdir”.
X.Kərimli qeyd edib ki, bu endirimlər adi kampaniyalardır, hər
birinin öz qayda və şərtləri var. İstəyən iştirak edir, istəməyən
etmir.
“Heç kim endirimlərdən yararlanmağa məcbur deyil. Qara Cümə ilə
biz qərbin praktikasını tətbiq etmiş oluruq. Azərbaycan bazarında
da şirkətlər bu günə uyğun kampaniyalar edir. Bu, noyabrın son
həftəsində tətbiq edilir və amerikalıların təcrübəsinə əsaslanır”,-
deyə o əlavə edib.


