
Kəlbəcər. Trend:
Kəlbəcərə ilk dəfədir ki, gəlirəm. Çox gözəlmiş.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu sözləri bu gün Üzeyir Hacıbəyov
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
Kəlbəcərdə təşkil edilən Kəlbəcər şəhər günündə media
nümayəndələrinə müsahibəsi zamanı bildirib.
“İlk dəfədir Kəlbəcərdəyəm və açıq deyim ki, buradakı təsərrüfat
möhtəşəmdir. Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları
sanki insanı qucaqlayır, əhatə edir. Mən belə mənzərəni heç vaxt
görməmişəm – bura, bəlkə də, dünyada analoqu olmayan unikal bir
məkandır. İsti su mənbələrinə də getdik, həm sudan istifadə etdik,
həm də turşsudan içdik. Bu torpaq sadəcə torpaq deyil, möcüzədir,
böyük bir sərvətdir”, – o əlavə edib.
Onun sözlərinə görə, çox xoşbəxtəm ki, Prezident İlham Əliyev
beş il əvvəl xüsusi əməliyyatla Kəlbəcəri və Laçını azad etdi.
Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tezliklə
sağalsın:
“Biz onlara borcluyuq. Nə yaxşı ki, Kəlbəcərdə toqquşma və
qarşıdurma olmadı. Təsəvvür edirəm ki, belə olsaydı nə qədər
itkilərimiz ola bilərdi. Bu ərazidə müharibə aparmaq son dərəcə
çətindir.
Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Kəlbəcərdə həmişə
belə bayramlar olsun. Fikirləşirəm ki, burada gələcəkdə mütləq
musiqi festivalları təşkil edilməlidir. Təkcə aşıq və muğam deyil,
böyük beynəlxalq kollektivlər də bura gəlməlidir. İspaniyadan,
İtaliyadan turistlər mütləq Kəlbəcəri görməlidirlər. Yerli camaat
burada gəlir əldə etməlidir, çünki ekoturizm çox mühüm sahədir.
İnanıram ki, Kəlbəcər hər gün daha da gözəlləşəcək”.


