Ağdamda valideynlərin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirilib

Baş səhifə
Ağdamda valideynlərin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirilib

Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq müəssisəyə yerləşdirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Belə ki, agentliyin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb edilib.

Aparılan qiymətləndirmənin nəticəsinə əsasən iki azyaşlı qardaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə prosedurlarına cəlb edilib.

Ötən dövrdə Agentlik tərəfindən hər iki uşağın vəziyyəti diqqətdə saxlanılıb və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla iş aparılıb.

Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Xatırladaq ki, avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.