
Bakı. Trend:
Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra
ölkəmizin həyatında başlanan yeni mərhələnin əsas hədəflərindən
biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış
Proqramının uğurlu icrasıdır. Azərbaycan şanlı Qələbəmizin ilk
günündən təkmil dirçəliş modeli ilə dünyanın diqqətində oldu.
Tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan bərpa-quruculuq
işlərinin miqyasını təsəvvür etmək üçün son beş ildə 6 şəhərin, 2
qəsəbənun və 20-dən artıq kəndin doğma sakinlərinə qovuşduğunu yada
salmaq kifayətdir. Bu şəhərlərdən biri də Kəlbəcərdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
“Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə
xidmət edən addımları sırasında xüsusi əhəmiyyət kəsb edən işğaldan
azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi
haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri
Günüdür. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın
kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli
üçtərəfli Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın bir güllə belə
atılmadan Azərbaycana qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin
boşaldılması günləri də qeyd edilmişdir. Kəlbəcərin 15 noyabr
tarixində boşaldılması nəzərdə tutulsa da qarşı tərəf əlavə 10 gün
vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil
verildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış
məntəqəsi işğaldan azad edildi. Üçtərəfli bəyanatın şərtlərinə
əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər
simasının və barbarlığının, erməni vandalizminin növbəti nümayişi
oldu. Kəlbəcəri boşaldan işğalçılar rüsvayçı hərəkətləri və barbar
davranışları ilə yadda qaldılar. Bu yurdun əzəli və əbədi sakinləri
olan azərbaycanlılara qalmaması üçün evlərə, bağlara və digər mülki
obyektlərə od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər.
Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər
bir daha erməni vandalizmini dünyaya təqdim etdi. ictimaiyyətinə
nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan
vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq
konvensiyalara görə hərbi cinayət sayılır”, – deyə Vüqar Rəhimzadə
vurğulayıb.
Milli Məclisin deputatı qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü
ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər
əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin
əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət
abidəsi, məktəb, uşaq bağçası, kitabxana, klub, mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, xəstəxana, tibb məntəqəsi, yüzlərlə
inzibati bina, minlərlə mənzil, maşın, texnika və s. talan edilmiş,
dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana
daşınmışdır. Beynəlxalq hüquqa, BMT-nin əsas prinsiplərinə zidd
olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
qanunsuz məskunlaşdırılmasına başlanılmışdı.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu günlər işğaldan azad edilmiş
digər ərazilərimiz kimi, Kəlbəcər də bərpa-quruculuq dövrünü
yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın Kəlbəcər rayonuna 2021-ci ilin 16 avqust tarixində
reallaşdırdıqları ilk səfər burada Azərbaycan Bayrağının
ucaldılması ilə tarixə yazıldı. Ötən beş ildə Prezident İlham
Əliyev bu rayona 7 səfər edib. Hər bir səfər mühüm sosial
obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi,
görülən işlərlə tanışlıq ilə yadda qalıb. Dövlətimizin başçısı
Kəlbəcərə ilk səfəri zamanı “Ermənilər 30 il ərzində bizim
torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı,
evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni
torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra
heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar
– bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan
qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq
göstərərək qayıtmışıq” söyləyərək onu da qeyd etmişdir ki, Kəlbəcər
təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər
təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə
bilmədilər.
Millət vəkili Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq
işlərindən geniş bəhs edərək bildirib ki, Nazirlər Kabinetinin
2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı
ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Kəlbəcər şəhərinin
işğala qədərki son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə
7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf
konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq.
Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan
ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi
aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək
ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min kv.m-i
isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən
2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə
tutulub. Şəhərdə həmçinin məktəb, uşaq bağçasının, 2 xəstəxananın,
reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin,
mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman
meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər
ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər
şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış
məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə
dördmərtəbəli 6 bina, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev
də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin
köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli
dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli
ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat
yaşayışı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda Kəlbəcər
şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və
çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən
sakinlərlə görüşdülər. 20 ailəyə mənzillərin açarları təqdim
edildi. Bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.
Vüqar Rəhimzadə vurğulayıb ki, görülən işlər Azərbaycan
dövlətinin gücünü, qüdrətini nümayiş etdirir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl
mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük
Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış
kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox
insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur
layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar
salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər artıq
canlanır, buraya həyat qayıdır.
Millət vəkili bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə qeyd etdiyi kimi,
biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha
xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz
onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan
silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi
cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan
vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt
yaddaşımızdan silinməyəcək və silinməməlidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, azad edilmiş bütün
ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq
işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma
yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi
sevindirir. Dövlət başçısı İlham Əliyevin “Bizim işimiz
quruculuqdur” çağırışı Böyük Qayıdış Proqramının birinci mərhələsi
üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə
təsdiqlənir. Bu mərhələ üçün əsas hədəf 140 min keçmiş məcburi
köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir.
Azərbaycanın gücü, potensial imkanları bu hədəfə yüksək səviyyədə
nail olunmasını təmin edəcək.


