
Bakı. Trend:
2025-ci ilin noyabr ayının 20-də İordaniyada müxtəlif
dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında
kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON”
beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.
Trend xəbər
verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON”
müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik
yarışması hesab olunur. Yarışma zamanı iştirakçılardan mürəkkəb
kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi
kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli
sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.
Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə
təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə ediblər.
Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli
Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq
rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülmüş,
Respublikamızın digər aidiyyəti dövlət qurumlarının
mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə
yüksəlib.
Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə
dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət
qabiliyyətini bir daha təsdiqləyir.


