
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qlobal iqtisadi
bərabərsizliklərin artdığı bir dövrdə G20 ölkələrinin daha çox
öhdəlik götürməsinin zəruri olduğunu bildirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə G20
Liderlər Sammitində çıxış zamanı danışıb.
O vurğulayıb ki, heç kimin geridə qalmadığı, daha ədalətli və
əhatəli qlobal iqtisadiyyatın qurulması üçün bütün G20 üzvləri
aktiv rol oynamalıdırlar.
Ərdoğan dünyada hər 10 insandan birinin hələ də ağır yoxsulluq
şəraitində yaşadığını xatırladaraq, 2030 Dayanıqlı İnkişaf
Məqsədlərinin hədəflərindən uzaqlaşıldığını qeyd edib.
Türkiyə Prezidenti deyib ki, 2024-cü ildə qlobal inkişaf
yardımları 9 faiz azalıb, 2025-ci ilin nəticələrində isə bu
azalmanın 17 faizə çatacağı proqnozlaşdırılır. Onun sözlərinə görə,
bu vəziyyətdən ən çox zərər görən region Afrika qitəsidir.


