
Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşları
2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Trend xəbər
verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış
gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət
keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ
olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad
edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il yanvarın
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət
müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata
keçirməlidir.


