
Bakı. Trend:
Azərbaycan bankları çox sürətlə inkişaf edir, Bakı regionun
maliyyə mərkəzinə çevrilə bilər.
Bunu Trend-ə bu
gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində
Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimierz
Kiçinski müsahibəsində deyib.
O, Azərbaycan bank sektorunun inkişafı, iki assosiasiya arasında
əməkdaşlıq perspektivləri, rəqəmsallaşma, süni intellekt, fintex və
kibertəhlükəsizlik sahələrində mümkün birgə layihələr barədə
fikirlərini bölüşüb.
Müsahib əvvəlcə Azərbaycan banklarının inkişaf
perspektivlərindən danışıb: “Azərbaycan bankları çox sürətlə
inkişaf edir və bu dinamika bütövlükdə Azərbaycan iqtisadiyyatının
xüsusiyyətidir. Bizim üçün bu, fikirlərin mübadiləsi aparmaq,
müasir bank xidmətlərinin Avropadakı trendləri barədə məlumat
vermək üçün yaxşı imkandır. Düşünürük ki, perspektivdə Bakı təkcə
Azərbaycanın deyil, Mərkəzi Asiya ölkələrinin də maliyyə sektoru
üçün mühüm mərkəzə çevrilə bilər”.
V. Kiçinski Polşanın Azərbaycanın bank sektoru ilə birgə mümkün
əməkdaşlıq imkanlarından da bəhs edib: “Hazırda daha çox fikir və
təcrübə mübadiləsi aparılır. Hər iki ölkənin bank sektorunda
aparıcı həllərin, innovasiyaların təhlili həyata keçirilir. Bu
mərhələdən sonra daha konkret addımlar, o cümlədən birgə texnoloji
həllər və fintex şirkətlərinin prosesə cəlb edilməsi
mümkündür”.
O, həmçinin iki ölkənin bank sektorları arasında
kibertəhlükəsizlik seqmenti üzrə mümkün tərəfdaşlıq potensialını da
qiymətləndirib: “Polşa Banklar Assosiasiyası kibertəhlükəsizlik
sahəsində çox aktiv fəaliyyət göstərir. Bu istiqamətdə dünyanın
müxtəlif ölkələri ilə əməkdaşlıq edirik və bu sayədə
müştərilərimizin vəsaitlərini dəfələrlə qorumuşuq. Azərbaycanla da
əlaqələr var. Azərbaycan banklarının Polşaya səfərləri zamanı
kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müdafiə
sistemlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə etmişik.
Qarşılıqlı əlaqələr qurulub və bu xətt üzrə işlər davam edir”.
“Hazırda daha çox konkret əməkdaşlıq addımlarının həyata
keçirilməsi mərhələsindəyik. Memorandum əlbəttə ki, formal baxımdan
vacib sənəddir, amma bizim üçün əsas olan gündəlik və real
fəaliyyətlərin birgə həyata keçirilməsidir”, – deyə polşalı
maliyyəçi fikrini yekunlaşdırıb.


