Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji
tərəfdaşlıq gücləndirilib.

Trend xəbər verir ki, bunu bu gün Polşa Banklar Assosiasiyasının
İcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski bu gün Bakıda
keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

Polşalı maliyyəçi çıxışında Azərbaycan Banklar Assosiasiyası ilə
Polşa Banklar Assosiasiyası arasında uzunmüddətli strateji
əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam
etdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında mövcud
dostluq münasibətləri, uğurlu iqtisadi əməkdaşlıq tarixi və artan
ikitərəfli ticarət gələcək əməkdaşlığın daha da möhkəmlənməsi üçün
əlverişli şərait yaradır: “Polşa Banklar Assosiasiyası ölkədə
fəaliyyət göstərən demək olar bütün bankları təmsil edir. Hazırda
Polşada 550 bank mövcuddur. Bunlara 65 kommersiya bankı və kənd
təsərrüfatı bölgələrində aktiv fəaliyyət göstərən təxminən 500
kooperativ bank daxildir. Bank sektorunun əsas çağırışları
geopolitik proseslər, investisiya həcminin artması və müştəri
tələblərinin daha yüksək səviyyədə təmin olunması ilə
bağlıdır”.




“Polşada özəl və dövlət bankları arasında effektiv əməkdaşlıq
mövcuddur. Bank texnologiyaları forumunun fəaliyyəti də sektorda
innovativ həllərin tətbiqi baxımından mühüm rol oynayır.

Polşa bank müştərilərinin 50 faizindən çoxu yalnız mobil
bankçılıqdan istifadə edir. Ölkənin bank sistemi müasir, effektiv
və yüksək kapitallaşmış hesab edilir. Dünyanın 34 rəqəmsal bank
lideri arasında 4 Polşa bankının yer alması da bunun
göstəricisidir”, – Vlodzimierz Kiçinski vurğulayıb.