Cənubi Qafqaz yeni reallıqlar dövründə: inkişafın Azərbaycan modeli

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqazın dərin, fundamental və geri dönüşü olmayan
transformasiyasının həm şahidləri, həm də iştirakçılarıyıq. İşğal,
həll olunmamış münaqişələr və xarici müdaxilələr üzərində qurulan
köhnə “status-kvo” sistemi dağılıb. Onun qalıqları üzərində bu gün
yeni bir arxitektura formalaşır – və bu yeni reallığın mərkəzi
dayağı, əsas sütunu Azərbaycanın özüdür.

Regional liderlik iddiası yalnız bəyanat mövzusu deyil – bu,
empirik faktlarla, hərbi-siyasi çəkilərlə və iqtisadi suverenliyin
miqyası ilə sübut olunan kateqoriyadır. Cari vəziyyəti təhlil
etdikdə görürük ki, Azərbaycan bütün əsas istiqamətlər üzrə ardıcıl
və praqmatik şəkildə dominant mövqe qazanaraq, geosiyasi oyunların
obyektindən onların tamhüquqlu subyektinə çevrilib.

Yeni geosiyasi mənzərənin başlanğıcı, şübhəsiz ki, 2020-ci ilin
44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal
antiterror tədbirləri oldu. Bu hadisələr təkcə sülhə məcburetmə və
Azərbaycanın ərazi bütövlüyünün tam bərpası aktı deyildi. Onlar
“dondurulmuş münaqişə” konsepsiyasının tam iflasını göstərən dönüş
nöqtəsinə çevrildi.

Azərbaycan yeni nəsil müharibə modelini nümayiş etdirdi – yüksək
texnoloji aktivlərə, şəbəkə mərkəzli idarəetməyə və ən əsası,
yüksək mənəvi-siyasi ruh üzərində qurulmuş bir model. Amma bundan
da mühümü – müharibədən sonra baş verənlərdir.

Ermənistan hələ də daimi siyasi böhran vəziyyətində, yeni
“xarici hami” axtarışında (KTMT/Rusiya ilə Qərb – xüsusən Fransa və
Aİ arasında tərəddüdlər içində) olarkən, Azərbaycan regionun müasir
tarixində ən genişmiqyaslı və kapitaltutumlu bərpa layihələrindən
birini həyata keçirir. Bu layihə, bəlkə də bütün regionda
presedentsiz miqyasda yalnız daxili maliyyə resursları hesabına
reallaşdırılan yeganə nümunədir.

Söhbət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
bərpasından gedir. Qısa müddətdə üç beynəlxalq hava limanının
(Füzuli, Zəngilan, Laçın) sıfırdan tikilməsi, “Zəfər yolu” da daxil
olmaqla minlərlə kilometr müasir avtomobil yollarının çəkilməsi,
“ağıllı şəhər” infrastrukturlarının qurulması – bütün bunlar dövlət
gücünün və iqtisadi özünütəminliliyin misilsiz nümayişidir.
Regionda heç bir başqa ölkə bu miqyasda layihələri yalnız daxili
resursları hesabına həyata keçirməyə qadir deyil. Bu, sadəcə
tikinti deyil – bu, gücün təcəssümü və yeni reallığın “yerdə”
bərqərar edilməsidir.

Geosiyasətin təməli həmişə geo-iqtisadiyyata dayanır.
Azərbaycanın liderliyi isə region miqyasında müqayisəsiz olan güclü
iqtisadi bazaya söykənir.

Birincisi – miqyas. Bəzən bəzi ölkələr “ÜDM artım templəri” ilə
manipulyasiya edirlər. Amma aşağı iqtisadi bazaya malik ölkələrdə
yüksək artım tempi statistik normadır. Liderlik isə mütləq
göstəricilərlə müəyyən olunur.

İkincisi – makroiqtisadi sabitlik. Azərbaycan regionda nəhəng
“təhlükəsizlik yastığına” malik yeganə dövlətdir. Belə bir mövqe
Bakıya beynəlxalq kreditorların diktəsi olmadan tam müstəqil xarici
və daxili siyasət yürütmək imkanı verir. Halbuki qonşu ölkələrin
iqtisadiyyatları xarici transfertlərə və kreditlərə kritik dərəcədə
bağlıdır.

Üçüncüsü – investisiya cazibədarlığı. Azərbaycan Cənubi Qafqazda
cəlb edilmiş birbaşa xarici investisiyaların (BXİ) ümumi həcminə
görə tarixi lider olaraq qalır. Bu, ilk növbədə enerji sektoruna
yönəlmiş iri həcmli sərmayələrin nəticəsidir. Amma bu etimad təkcə
enerji ilə məhdudlaşmır – onun əsasında proqnozlaşdırıla bilən
siyasi kurs və nəhəng infrastruktur layihələri dayanır.

Əgər Qarabağ məsələsinin həlli Azərbaycanın hərbi-siyasi gücünün
təzahürü idisə, onun enerji və tranzit mərkəzi kimi rolu ölkənin
geo-iqtisadi dominantlığının bünövrəsini təşkil edir.

Qlobal enerji bazarı bu gün həm Şərqi Avropada, həm də Yaxın
Şərqdə dərin geosiyasi təlatümlər nəticəsində əsil sarsıntı dövrünü
yaşayır. Məhz belə mürəkkəb şəraitdə Azərbaycan özünü Avropa üçün
əvəzolunmaz və etibarlı enerji təchizatçısı kimi təsdiqləyib.

“Şahdəniz-2”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP
seqmentlərindən ibarət olan Cənub Qaz Dəhlizinin (CQD)
reallaşdırılması Bakının strateji qələbəsidir. Bu, sadəcə
marşrutların şaxələndirilməsi deyil – bu, Azərbaycanın qaz
ixracının Avropa İttifaqının premium bazarlarına fiziki və davamlı
şəkildə artırılmasıdır.

Beləliklə, Azərbaycan artıq təkcə enerji təchizatçısı deyil, həm
də İtaliya, Yunanıstan, Bolqarıstan kimi ölkələr və eləcə də yeni
Balkan tərəfdaşları – Rumıniya, Macarıstan, Serbiya, Slovakiya üçün
enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

Ölkəmiz bu gün təkcə öz karbohidrogenlərini deyil, həm də unikal
coğrafi mövqeyini effektiv şəkildə monetizasiya edir. Söhbət Orta
Dəhlizdən – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM)
gedir.

Şimal marşrutları ilə “Şərq–Qərb” logistikasının pozulduğu
şəraitdə Orta Dəhliz “alternativ”dən “həyati vacib” marşruta
çevrilib. Azərbaycan bu sistemin “dar boğazı” (müsbət mənada) və
əsas benefisiarı rolundadır.

Faktlar öz sözünü deyir. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun
modernləşdirilməsi gələcəyə yönəlmiş strateji investisiyalardır.
TBNM üzrə yükdaşımalar son illərdə kəskin artım nümayiş etdirir.
Əgər bir neçə il öncə bu göstəricilər nisbətən təvazökar idisə,
indi əsas məsələ dəhlizin buraxıcılıq qabiliyyətini bir neçə dəfə
artırmaqdır.

Məhz Azərbaycan, Qazaxıstan və Gürcüstanla birgə Transxəzər
logistik sistemində “oyunun qaydalarını” müəyyənləşdirir.

2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə
əsaslanan bu layihə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini təmin
etməlidir.

Ermənistanın və bəzi xarici qüvvələrin bu prosesi sabotaj
cəhdlərinə baxmayaraq, dəhlizin açılması alternativsizdir.
Azərbaycan üçün bu, təkcə Naxçıvanın blokadadan çıxması məsələsi
deyil, həm də Türkiyəyə birbaşa quru çıxışın yaradılması, yəni türk
dünyasının vahid nəqliyyat skeletinin tamamlanmasıdır.

Region üçün isə bu, çoxşaxəli iqtisadi effekt deməkdir:
“Şərq–Qərb” oxu üzrə logistik xərclərin azalması, Ermənistanın
(əgər konstruktiv mövqe tutarsa) regional layihələrə inteqrasiyası
və tranzit gəlirləri, həmçinin Rusiya və İranın Türkiyə ilə
Azərbaycan üzərindən birbaşa əlaqə imkanı əldə etməsi.

Məhz buna görə də Azərbaycan İrəvanın konstruktiv addım atmasını
gözləmədən, azad edilmiş ərazilərdə (Horadiz–Ağbənd dəmir yolu)
infrastruktur quruculuğunu sürətləndirir. Bu, liderlik mövqeyinin
təzahürüdür – gözləmək deyil, gündəliyi formalaşdırmaq.

Hərbi güc və iqtisadi hegemonluq bu gün dünyanın ən dəyərli
resursuna – diplomatik suverenliyə çevrilir. Azərbaycan bu gün
Cənubi Qafqazda həqiqətən müstəqil, çoxvektorlu xarici siyasət
yürüdən yeganə dövlətdir. Bu siyasət balans axtarışı üzərində
deyil, öz güc mərkəzinin qurulması prinsipinə əsaslanır.

Faktlarla danışaq. Azərbaycan postsovet məkanında ərazisində
xarici hərbi baza olmayan nadir ölkələrdəndir. Bakı nə KTMT-nin, nə
də NATO-nun üzvüdür, bu isə ona tam hərbi-siyasi manevr azadlığı
verir.

Regional liderliyi bərkitmiş əsas hadisə 2021-ci ilin iyununda
Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd sadəcə iki
dövlət arasında əməkdaşlıq deyil, de-jure və de-fakto formalaşmış
hərbi-siyasi ittifaqdır. Bakı–Ankara oxu bu gün nəhəng birgə
potensiala malik vahid hərbi-siyasi və geo-iqtisadi blok kimi çıxış
edir.

Eyni zamanda, Bakı digər qlobal oyunçularla da praqmatik və
balanslı münasibətlər qurur. Moskva ilə bu münasibətləri 2022-ci
ilin fevralında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyət
Bəyannaməsi müəyyənləşdirir. Sənəd tərəflərin bir-birinin ərazi
bütövlüyünə hörmətini və “Şimal–Cənub” nəqliyyat dəhlizi
çərçivəsində strateji əməkdaşlığı təsbit edir. Avropa İttifaqı ilə
– yuxarıda qeyd edilən enerji sahəsində strateji tərəfdaşlıq
formatı mövcuddur. Xüsusilə Zəngəzur dəhlizinin İran seqmentinə
(Astara üzərindən kommunikasiya) yönəlib.

Məhz bu çoxvektorlu, özünə yetərli siyasət fonunda Azərbaycan
ilə qonşuları arasındakı fərq aydın görünür.

Ermənistan bu gün tam geosiyasi iflasın nümunəsidir. Üç onillik
boyunca “qələbə” illüziyası ilə yaşayan ölkə indi acı reallıqla
üz-üzədir. Rusiya tərəfindən verilən, amma heç vaxt işləməyən
təhlükəsizlik “zəmanətlərindən” imtina edib Qərbin, əsasən
Fransanın və Aİ-nin efemer “çətiri” altına sığınmaq cəhdləri onun
problemlərini həll etmir. Ermənistan iqtisadiyyatı dərin dərəcədə
dotasiyalıdır, pul köçürmələrindən asılı vəziyyətdədir və bir dənə
də olsun müstəqil meqalayihəyə sahib deyil. Onun iqtisadi dirçəliş
üçün yeganə imkanı kommunikasiya xətlərinin açılması və Bakı ilə
Ankara ilə münasibətlərin normallaşmasıdır, amma bu reallığın
qəbulunu daxildəki revanşist qüvvələr sabotaj edir.

… Elə bir dövrə daxil olmuşuq ki, Cənubi Qafqaz artıq
“imperiyaların arxa həyəti” və ya geosiyasi rəqabətin obyektinə
çevrilmir. Regionun öz daxili cazibə mərkəzi formalaşıb.

Hərbi-siyasi nəticələr, makroiqtisadi göstəricilər,
transkontinental enerji və logistika layihələrinin miqyası, eləcə
də diplomatik subyektlik səviyyəsi göstərir ki, Azərbaycan
Respublikası Cənubi Qafqazın mütləq və dominant lideridir.

Bu liderlik bəyannamələrlə deyil, əməli nəticələrlə sübut olunub
– qanla, zəhmətlə, uzaqgörən strateji düşüncə ilə. Və ən əsası –
bu, nəhəng iqtisadi resurslar və sistemli vizyonla dəstəklənib.
Bakı bu gün proseslərə sadəcə təsir etmir – onları modelləşdirir və
istiqamətləndirir.

Yeni Cənubi Qafqaz reallığı artıq Bakıda dizayn olunmuş
reallıqdır. Və regionun istənilən aktoru – istər qonşular, istər
uzaq güc mərkəzləri – bu reallıqla hesablaşmağa məcburdur.