“Yüksəliş” müsabiqəsi çərçivəsində “Zəfərdən Yüksəlişə” adlı növbəti intellektual yarış keçirilib

Baş səhifə

Bakı. Trend:

8 Noyabr — Zəfər Gününün beşinci ildönümü münasibətilə
“Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları
arasında “Zəfərdən Yüksəlişə” adlı intellektual yarış təşkil
olunub.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ali Baş
Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın əldə etdiyi tarixi Zəfərə həsr olunmuş Vətən
müharibəsinin qəhrəmanlıq səhnələri, eləcə də Ali Baş Komandanın
zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın
birliyini əks etdirən qısa videoçarx nümayiş olunub. Açılış
mərasimində gənclər və idman nazirinin müavini, “Yüksəliş”
müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək
iştirakçıları salamlayıb və komandalara uğurlar arzulayıb.

Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda
19 komanda iştirak edib. Gərgin və bilik dolu mübarizənin sonunda
birinci yerə “ZəfərON”, ikinci yerə “44”, üçüncü yerə isə “Everest”
komandaları layiq görülüblər. Qalib komandalar müxtəlif mükafatlar
və diplomlarla təltif olunublar.

Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar “Yüksəliş”
müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin
davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif
mühüm hadisələrə həsr olunub.




Xatırladaq ki, bu ilin yaz mövsümündə keçirilən “Beşinci
element” kvizi Azərbaycanın suverenliyi və Konstitusiyası ilinə,
keçən ilin qış mövsümündə keçirilən “Yüksəliş” kvizi Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsinə, payız mövsümündə baş tutan
“Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət
Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz “Yaşıl dünya naminə həmrəylik ili”nə, inişil baş tutan yarış isə
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
edilmişdi.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis
olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi
inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat
qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.