
Bakı. Trend:
Transadriatik boru kəməri (TAP) Avropanın enerji
təhlükəsizliyinə böyük töhfə verir.
Bunu Trend-ə
ABŞ-nin Azərbaycandakı sabiq səfiri Robert F. Sekuta TAP-ın
kommersiya istifadəyə verilməsinin 5-ci ildönümü münasibətilə
bildirib.
“Xüsusilə 2022-ci ilin fevralından etibarən Avropa və dünyada
baş verən hadisələr bir daha sübut etdi ki, hökumətlər və enerji
şirkətləri TAP və Cənub Qaz Dəhlizini (SGC) layihələndirmək və
tikmək üçün birləşiblər. TAP və SGC-nin digər komponentlərinin
enerji təhlükəsizliyinə töhfəsi böyük olub və hələ də böyükdür –
bu, ya evlər və biznes üçün qaz təmin etmək, ya da TAP-ın keçdiyi
İtaliya, Albaniya və digər ölkələrdə enerji və milli təhlükəsizliyi
təmin etmək baxımından əhəmiyyətlidir”, – deyə Sekuta qeyd
edib.
O, TAP vasitəsilə Azərbaycanın Avropa üçün etibarlı enerji
tərəfdaşı kimi oynadığı rolun əhəmiyyətini vurğulayıb.
“Azərbaycanın qaz və neftinin proqnozlaşdırıla bilən tədarükü
qlobal enerji tələbatına mühüm töhfədir. Bu uzunmüddətli
reallıqdır, lakin son illərdə xüsusilə önəmli olub, çünki Aİ
ölkələri və Avropa ilə yanaşı dünya ölkələri Moskva, Tehran və
digər bir sıra hökumətlərin beynəlxalq sülh və təhlükəsizliyi
zəiflədən hərəkətləri səbəbindən əvvəllər Rusiyadan, İrandan və
digər ölkələrdən gələn tədarük alternativlərini axtarırlar”, –
Sekuta izah edib.
O həmçinin qeyd edib ki, enerji bazarları dinamikdir və qlobal
enerji sektoru bir çox dəyişikliklər yaşayır: yeni enerji mənbələri
və texnologiyalar ortaya çıxır, qlobal bazar inkişaf edir, həmçinin
istehlakçılar və şirkətlər üçün enerji təmin edərkən iqlim
dəyişikliyini nəzərə almaq zərurəti artır.
“Enerji qədim zamanlardan bəri olduğu kimi insanların həyatının
əsası olaraq qalır. Amma onun əldə olunma üsulları mütəmadi olaraq
inkişaf edir”, – Sekuta vurğulayıb.
Sabiq səfir hesab edir ki, TAP-da iştirak edən hökumətlər və
şirkətlər – müştərilər, tədarükçülər və ya operatorlar – bu
dəyişiklikləri diqqətlə izləməli, enerji tələbatının
tendensiyalarını təhlil etməli və yeni tələblərə vaxtında
uyğunlaşmalıdırlar.
“Xüsusilə mən ABŞ və Qətərdən gələn mayeləşdirilmiş təbii qazın
(MTQ) tədarükünün artmasını və bunun boru kəmərləri vasitəsilə
gələcək tədarükün inkişafına təsirini qeyd etmək istəyirəm. Boru
kəmərləri ilə və MTQ şəklində çatdırılan qaz Avropa ölkələri və
digər regionlar üçün həlledici olaraq qalacaq. Bu iki tədarük
üsulunun necə kəsişəcəyi və inkişaf edəcəyi TAP operatorları və
digər qaz kəməri şəbəkələri üçün mühüm olacaq”, – deyə Robert
Sekuta sonda bildirib.

