Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Suraxanı
rayonunun Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi əraziyə Dövlət Yanğından
Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri
cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində
doqquzmərtəbəli binanın dam örtüyündə başlayan yanğın
genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın damında ümumi sahəsi 7 kv.m olan
liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam
örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

