Bakı. Trend:
2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq
nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi
xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi
Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Trend xəbər
verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici
Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov,
Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət
rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan
nümayəndə iştirak edib.
Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir
iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar
iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış edib. Müasir dövrdə
beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və
kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və
türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində
yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat
marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən
ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı
şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər
edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması
vacibdir.
General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və
kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında,
onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil
cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan
qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı
söhbət açıb.
Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin
vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına
bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və
bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin
olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.
Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı
müzakirələrlə davam edib, sonda plenar iclasın yekun sənədi
imzalanıb.

