Bakı. Trend:
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış Türkiyənin
“C-130” tipli hərbi yük təyyarəsinin qəza yerindən sonuncu – 20-ci
qurbanın nəşi aşkarlanıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Kaxeti bölgəsinə aid Siqnaxi şəhəri yaxınlığında dağlıq ərazidə
yerə çırpılan “C-130” təyyarəsinin qəza yerində sonuncu heyət
üzvünün nəşinin axtarışları iki gün idi ki, davam edirdi.
“Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük
təyyarəmizin dağıntıları arasında aparılan axtarış tədbirləri
nəticəsində 20-ci şəhidimizin müqəddəs nəşi aşkarlanıb”,- deyə
Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan
27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya
uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət
üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

