Travmadan sonra reabilitasiya vacibdirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab

Baş səhifə

Bakı. Trend:

Travma sonrası reabilitasiya insanın əvvəlki sağlamlıq
vəziyyətinə və həyat keyfiyyətinə qayıtması baxımından son dərəcə
vacib bir mərhələdir.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişinin efirində travmatoloq Murad Davudov açıqlayıb.

Onun sözlərinə görə, travma yalnız sümük sınığı deyil, eyni
zamanda əzələ, bağ, sinir və oynaq zədələnmələrini də əhatə
edir:

“Belə hallar olduqda, ilkin tibbi yardım nə qədər
əhəmiyyətlidirsə, düzgün və zamanında aparılan reabilitasiya da bir
o qədər vacibdir. Hər travma reabilitasiya tələb etməsə də,
xüsusilə ağır və təkrarlanan travmalarda bu proses mütləq şəkildə
həyata keçirilməlidir.

Yüngül travmalarda bəzən istirahət, yüngül fiziki hərəkətlər və
sadə fizioterapevtik tədbirlərlə vəziyyət stabilləşə bilir. Lakin
bud, çanaq, onurğa, diz, çiyin və aşıq-baldır nahiyəsindəki
sınıqlar zamanı funksional pozğunluqların qarşısını almaq üçün daha
genişmiqyaslı və mərhələli reabilitasiya tələb olunur. Travma
sonrası bərpa müalicəsi sümük və oynaqların sağalması ilə yanaşı
əzələ gücünün, koordinasiyanın və hərəkətliliyin bərpasını da əhatə
edir”.




Travmatoloq bildirib ki, reabilitasiya prosesi xəstənin
travmasının növünə və yerləşdiyi nahiyəyə uyğun olaraq
planlaşdırılır:

“Prosesin əvvəlində əsas məqsəd ağrının və şişkinliyin idarə
olunmasıdır. Daha sonra isə fizioterapevtin nəzarəti altında aktiv
və passiv hərəkətlərə başlanılır. Bu mərhələdə oynaqların hərəkət
qabiliyyətinin bərpası və əzələlərin tədricən gücləndirilməsi əsas
götürülür. Əlavə olaraq ultrasəs, maqnitoterapiya,
elektrostimulyasiya kimi fizioterapevtik üsullarla toxumaların
sağalması sürətləndirilir. Müalicə zamanı tətbiq edilən masaj və
əzələ məşqləri də xəstənin əvvəlki funksional səviyyəyə qayıtmasına
kömək edir”.

M.Davudov qeyd edib ki, xüsusilə böyük oynaqlarda, çoxsaylı və
ya açıq sınıqlarda, eləcə də sinirlərin zədələndiyi hallarda
reabilitasiya daha uzun müddət tələb edir:

“Bu cür travmalardan sonra xəstənin gündəlik həyatına qayıtması
yalnız mərhələli və davamlı bərpa tədbirləri ilə mümkündür.
Reabilitasiya prosesi yalnız fiziki deyil, həm də psixoloji dəstək
tələb edir. Travmadan sonra insanlarda qorxu, inamsızlıq və
psixoloji çətinliklər yarana bilər. Bu baxımdan peşəkar dəstək
vacib rol oynayır”.