Ali Məclis Ceyhun Cəlilovun Naxçıvan MR-in Baş naziri vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının
növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
Trend-ə verilən
məlumata görə, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun
Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad
edilməsi məsələsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci
il 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar
Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi təyin edilib. Ceyhun Cəlilov Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi təyin olunduğundan o, Naxçıvan Muxtar
Respublikasının Baş naziri vəzifəsindən azad edilməlidir.

“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş
naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Qərar layihəsi iclas iştirakçılarının
diqqətinə çatdırılıb.




Sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci
müavini Bəxtiyar Məmmədov Ceyhun Cəlilova Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi təyin olunması münasibətilə təbriklərini çatdırıb,
fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.