Ombudsman təsisatı ENOC-la əməkdaşlığı genişləndirməyə maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin
(ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə Xalq
Müdafiəçisi Vasile Koroi ilə görüşüb.

Trend xəbər verir ki, görüş
zamanı Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa
Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu
əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd
edib.

Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət,
müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən
uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər
barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə
ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi
aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional
islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam
üzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq
çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini
səsləndirib.




Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun
müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaq
hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə
Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli
sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı
məlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimi
qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcud
əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları
səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha
gücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksək
qiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları
sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd
ediblər.