
Bakı. Trend:
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli
Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs
kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə reallaşır.
Trend xəbər verir
ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun
düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü
ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd
edilir.
Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və
prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində
qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram
ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb.
Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

