
Bakı. Trend:
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə
Azərbaycan təkcə torpaqlarını azad etmədi, eyni zamanda, Cənubi
Qafqazda yeni geosiyasi reallıqlar yaratdı.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
O bildirib ki, bu Zəfər cənab Prezident İlham Əliyevin uzaqgörən
və prinsipial siyasətinin, ordumuzun gücünün və xalqımızın
iradəsinin nəticəsi idi:
“İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və
Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması
bütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi
olub. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan
beynəlxalq hüquqa əsaslanaraq, sülh yolu ilə ədalətin bərpasına
çalışdı. Lakin Ermənistanın təxribatları və qeyri-konstruktiv
mövqeyi sülhə imkan vermədi. 2020-ci ildə başlayan əks-hücum
əməliyyatı ilə Azərbaycan öz torpaqlarında beynəlxalq hüququn
təminatçısı qismində çıxış etdi. Vətən müharibəsində əldə olunan
Qələbə təkcə hərbi uğur deyil, həm də tarixi-siyasi ədalətin
bərpası idi.”
Deputatın fikrincə, Ölkə Prezidenti cənab İlham Əliyev müharibə
günlərində olduğu kimi, ondan sonra da regionda sabitliyin və
əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik siyasət yürüdür:
“Qələbədən sonra baş verən proseslər – sərhədlərin
müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin
inkişafı, sülh müqaviləsinin gündəmə gətirilməsi – dövlətimizin
siyasi iradəsini və regional məsuliyyətini nümayiş etdirir. Zəfərin
yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunur.
Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətin
informasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindən
nümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş tarixi
Qələbə həm də türk dünyasının birliyini möhkəmləndirdi,
Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Cənab Prezident
İlham Əliyevin dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik,
özümüzü yeni dövrə daşıdıq və bu, milli gücün və siyasi liderliyin
qabarıq ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan
bərpa-quruculuq işləri artıq Qələbənin davamı kimi
qiymətləndirilir. Yeni şəhərlər, müasir infrastrukturlar, “ağıllı
kənd” layihələri Azərbaycanın gələcəyə yönəlik vizionunu göstərir.
Azad edilmiş torpaqlar təkcə dirçəldilmir, həm də regionun
əməkdaşlıq mərkəzinə çevrilir. Zəfər Günü isə, bizə daim həm
gücümüzü, əzəmətimizi, həm də məsuliyyətimizi xatırladır”.

