
Bakı.Trend:
7 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Baş
Prokurorluğunda “Vətən Müharibəsi”ndəki qələbənin beşinci ildönümü,
“8 Noyabr Zəfər Günü” münasibətilə Vətən Müharibəsi iştirakçıları
ilə görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ulu Öndər Heydər Əliyevin və
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev əldə edilmiş
zəfərə görə möhtərəm cənab prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna
dərin minnətdarlığını ifadə edərək, torpaqlarımızın və ərazi
bütövlüyümüzün bərpası uğrundan canlarından keçmiş şəhidlərimizin
ruhlarına öz dərin ehtiramını bildirib, qazilərimizə Allahdan şəfa
diləyərək, bu zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına
məlumat verib, müharibə dövründə prokurorluq orqanlarının
əməkdaşlarının xidməti fəaliyyətlərinə toxunub.
Eyni zamanda Baş prokuror tərəfindən vurğulanmışdır ki, 2020-ci
ildən sonrakı dövrdə prokurorluq orqanlarına keçirilmiş qəbul
imtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş 21 nəfər
“Vətən Müharibəsi” iştirakçısı daimi qulluğa qəbul olunub.
Bundan sonra “Vətən Müharibəsi” dövründə xidməti vəzifələrini
yüksək səviyyədə yerinə yetirmiş prokurorluq əməkdaşlarından Şirvan
şəhər prokuroru Kamal Talıbovun, Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Kriminalistika şöbəsinin böyük prokuroru Tural
Nuriyevin, Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və
təhqiqat idarəsinin prokuroru Ozal Həsənovun, o cümlədən ön
cəbhədəki döyüşlərdə iştirak etmiş Gəncə şəhər prokurorluğunun
böyük müstəntiqi İlkin Şıxməmmədovun, Bakı şəhəri Suraxanı rayon
prokurorluğunun müstəntiqi Elvin Quliyevin çıxışları
dinlənilib.
Tədbirin sonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş videoçarx
nümayiş etdirilib, xatirə şəkili çəkilib.

