“MOL Group” “Azəri-Çıraq-Günəşli” blokunun işlənilməsi üzrə əsaslı xərcləri artırıb

Baş səhifə

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları
blokunun işlənməsi üzrə əsaslı xərcləri 2025-ci ilin üçüncü rübündə
31,1 milyon dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu
göstərici 22,4 milyon dollar olub.

Trend şirkətə
istinadən xəbər verir ki, bu göstərici illik ifadədə “MOL”un əsaslı
xərclərinin 38,8 faiz artdığını göstərir.

2025-ci ilin üçüncü rübündə geoloji-kəşfiyyat işlərinə çəkilən
xərclər 1,5 milyon dollar olub, halbuki ötən il bu rəqəm 2,6 milyon
dollar təşkil etmişdi. Şirkətin bu blok üzrə digər xərcləri 2024-cü
ilin üçüncü rübündəki 0,8 milyon dollara nisbətdə 1,2 milyon
dollara çatıb.




AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçıları
adından operator kimi çıxış edən bp şirkətinin məlumatına görə,
2025-ci ilin ilk üç rübü ərzində bp və onun tərəfdaşları
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində təxminən 388 milyon
dollar əməliyyat xərci və təqribən 912 milyon dollar əsaslı xərc
çəkiblər.

Lahiyədə iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%),
ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh
(2,92%).