
Bakı. Trend:
Noyabrın 6-da Vaşinqtonda ABŞ ilə Mərkəzi Asiya ölkələri
arasında dialoq platforması olan C5+1 formatında növbəti sammit
keçirilib. Artıq on ilini tamamlayan bu format, nəhayət, həqiqətən
də canlanıb. Əgər əvvəllər görüşlər daha çox formal xarakter
daşıyırdısa, indi görüşlər real siyasi və iqtisadi məzmun
qazanmaqdadır.
Region ölkələrinin liderləri ilə keçirilən görüşdə ABŞ
Prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Vaşinqton
bundan sonra əvvəlki administrasiyanın etdiyi kimi Mərkəzi Asiyanı
diqqətdən kənarda qoymayacaq. “C5 kimi tanınan Mərkəzi Asiya
ölkələri dünyanın tarixi və coğrafi qovşağında yerləşir. Bir
vaxtlar onlar Şərq ilə Qərbi birləşdirən qədim İpək yolunun yurdu
olub. Bu gün isə Avrasiyanın tam mərkəzində yerləşmələri onlara
xüsusi əhəmiyyət və potensial qazandırır”, – deyə ABŞ lideri
bildirib.
Mahiyyət etibarı ilə, ABŞ regiona təkcə siyasi deyil, həm də
iqtisadi xarakter daşıyan yeni gündəmlə qayıdır.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Trend-ə açıqlamasına görə,
hazırkı administrasiya investisiyaları və Amerika şirkətlərinin
regiondakı iştirakını xarici siyasət aləti kimi qiymətləndirir.
“Bu, Prezident Trampın xarici siyasət fəlsəfəsidir və mənim
təcrübəmə əsasən, unikal yanaşmadır. Düşünürəm ki, o, C5+1
formatını məhz strateji tərəfdaşlıq aləti kimi – ABŞ-nin
mövqelərini və region ölkələrinin dayanıqlığını gücləndirmək üçün
istifadə etməyi planlaşdırır”, – deyə diplomat vurğulayıb.
Zirvə toplantısının əsas mövzusu resurslar olub. Görüş
ərəfəsində Tramp administrasiyası iqtisadiyyat və milli
təhlükəsizlik üçün zəruri olan 60 strateji faydalı qazıntının
siyahısını dərc edib. Onların 15-i nadir torpaq elementləridir ki,
bu elementlər olmadan elektronika, müdafiə texnologiyaları və
“yaşıl energetika” istehsalı mümkün deyil.
Mərkəzi Asiya bu resursların hasil edilə biləcəyi
istiqamətlərdən biridir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və
Tacikistan zəngin mineral bazasına malikdir, lakin hələlik emal
sənayesini inkişaf etdirməyiblər. İnvestisiyalar olmadan region
yalnız filiz ixrac edən, amma hazır məhsul istehsal etməyən mənbə
olaraq qala bilər. Sammitdə Qazaxıstan və ABŞ arasında strateji
əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandum
imzalanıb. Həmin gün “Tau-Ken Samruk” şirkəti və ABŞ-nin “Cove
Capital” şirkəti Karaqanda vilayətindəki ən iri volfram
yataqlarının birgə işlənməsi barədə razılığa gəldiklərini
açıqlayıblar – investisiyaların həcmi bir milyard dollardan çox
olacaq.
Bundan əlavə, Donald Tramp Özbəkistanla böyük bir müqavilə
barədə də məlumat verib:
“Növbəti üç il ərzində Özbəkistan təxminən 35 milyard dollarlıq
alış və investisiya həyata keçirəcək, növbəti on il ərzində isə
mineralların hasilatından tutmuş İT və energetika sahələrinə qədər
əsas Amerika sektorlarına 100 milyard dollardan çox sərmayə
yatıracaq”, – deyə o, öz paylaşımında bildirib.
Beləliklə, ABŞ-nin regiondakı əsas diqqət istiqamətləri
aydındır: strateji resurslar, investisiyalar və infrastruktur.
Bütün bunlar Mərkəzi Asiyanı Amerikanın iqtisadi diplomatiyasının
açar istiqamətlərindən birinə çevirir.
Lakin məsələ yalnız hasilatla bitmir. Növbəti mərhələ –
resursların daşınmasıdır, yəni tranzit. Bu məqamda isə ön plana
Azərbaycan çıxır. Bir sıra ekspertlər çoxdan qeyd edirlər ki, C5
formatına Bakının da daxil edilməsi məntiqli olardı. “Caspian
Policy Center”in sədri, ABŞ-ın keçmiş səfiri Riçard Hoqland
deyib:
“Bəlkə də artıq C6 formatından danışmaq daha düzgün olar, çünki
Azərbaycan C5 görüşlərində iştirakını getdikcə daha da
fəallaşdırır.”
Doğrudan da, ölkəmizin yeni nəqliyyat marşrutlarındakı rolu
olduqca mühümdür. ABŞ Prezidenti Donald Tramp TRIPP (“The Trump
Route for International Peace and Prosperity”) layihəsi haqqında
danışarkən Azərbaycanın əsas halqa kimi əhəmiyyətini
vurğulayıb.
“Bu, dünyanın ən mühüm bölgələrindən keçən yeni bir yoldur. O,
Xəzərin o tayında da ticarət aktivliyini artıracaq və Mərkəzi Asiya
ölkələrinin inkişafına güclü təkan verəcək”, – deyə o qeyd
edib.

