“Qarabağ” neft yatağı layihəsinə iri investisiyalar tələb olunmayacaq – bp

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” neft yatağı layihəsinə böyük həcmdə investisiya tələb
olunmayacaq.

Trend xəbər verir
ki, bunu “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri
Tamam Bayatlı şirkət tərəfindən “Qarabağ” layihəsi çərçivəsində
seysmik tədqiqatlar proqramına dair Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsinin müzakirəsinə həsr
olunmuş onlayn görüş zamanı deyib.

bp şirkəti “Qarabağ” yatağının işlənməsi üzrə Risklərin Xidmət
Sazişi (Risk Service Agreement) çərçivəsində operator qismində
çıxış edir.

“”Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının
işlənməsi zamanı həyata keçirilən genişmiqyaslı infrastruktur
investisiyalarından fərqli olaraq, burada əlavə iri xərclərə
ehtiyac olmayacaq. Çünki mövcud sualtı infrastrukturdan istifadə
ediləcək. İnvestisiyalar yalnız qoşulma və inteqrasiya işlərinə
yönəldiləcək”, – deyə o qeyd edib.




Bayatlı bildirib ki, hasil olunacaq nefti mövcud sualtı
infrastruktur vasitəsilə Səngəçal terminalına, oradan isə
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə nəql etmək mümkün
olacaq.

“Bu layihə bizim üçün böyük önəm kəsb edir və Azərbaycan üçün də
olduqca faydalıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” yatağının müqavilə sahəsi Bakının 120
kilometrliyində, 150–200 metr dərinlikdə, “Azəri-Çıraq-Günəşli”
(AÇG) və “Əşrəfi–Dan Ulduzu–Aypara” (ƏDUA) müqavilə sahələrinə
yaxın ərazidə yerləşir.

2018-ci ildə “Qarabağ” yatağının işlənməsi üzrə Risk Xidmət
Sazişi (Risk Service Agreement, RSA) imzalanıb. 2025-ci ilin may
ayında bp şirkəti bu saziş çərçivəsində 35 faiz pay əldə edərək
layihənin operatoru olub. SOCAR-ın törəmə qurumu isə RSA-da 65 faiz
iştirak payını qoruyub saxlayıb.