Azərbaycan Biznesinin İnkişafı Fondunun kapitallaşması qarşıdakı 2 il ərzində çox yüksək səviyyədə qalacaq – S&P

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Biznesinin İnkişafı Fondunun (Azerbaijan Business
Development Fund – ABDF) kapitallaşması növbəti 24 ay ərzində çox
yüksək səviyyədə qalacaq.

Bu barədə Trend
“S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, 2025-ci il yanvarın 1-də
Sahibkarlığın İnkişafı Fondu (Entrepreneurship Development Fund –
EDF) və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment
Company – AIC) birləşərək, İqtisadiyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Azərbaycan Biznesin İnkişafı Fondunu (ABDF)
yaradıb. Hazırda hər iki qurumun əməliyyat inteqrasiyası prosesi
davam edir.

S&P-nin gözləntilərinə əsasən, inteqrasiya uğurla həyata
keçiriləcək.




“Bizim fikrimizcə, ABDF-nin kapitalı və mənfəətliliyi onun
reytinq sabitliyinin əsas amilləri olaraq qalacaq. Fondun
kapitallaşma səviyyəsinin yaxın 24 ayda çox yüksək səviyyədə
saxlanılacağı gözlənilir. 2024-cü ilin sonuna olan vəziyyətə görə,
EDF-in riskə uyğunlaşdırılmış kapital (RAC) göstəricisi 82 faiz
təşkil edib. Bununla yanaşı, AIC daha kiçik ölçülü qurumdur və onun
kapitalın aktivlərə nisbəti təxminən 100 faiz səviyyəsində olub”, –
agentliyin hesabatında bildirilir.

“S&P” mütəxəssisləri qeyd edirlər ki, AIC-nin əsas
fəaliyyəti – yerli şirkətlərdə payların əldə olunması – EDF-in
portfeli ilə müqayisədə daha yüksək risk səviyyəsi daşıyır. EDF isə
kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün yerli banklara
kreditlər təqdim edirdi.

“Hər iki qurum mərhələli artıma yönəlib. Biz proqnozlaşdırırıq
ki, ABDF üçün RAC göstəricisi 2027-ci ilin sonuna qədər 50–60 faiz
səviyyəsinə qədər azalacaq, lakin bu göstərici 15 faiz həddindən
xeyli yüksək qalacaq”,- sənəddə qeyd olunur.