Bakı. Trend:
Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Tramp
administrasiyasının siyasətinə etiraz edən və hüquq-mühafizə orqanı
əməkdaşına sendviç atmaqda ittiham olunan şəxsi günahsız elan
edib.
Trend xəbər verir
ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Avqust ayında münsiflər heyəti 37 yaşlı Vaşinqton sakini Şon
Dannın ağır cinayət ittihamı ilə mühakimə olunmasından imtina edib.
İş daha sonra yüngül cinayət kimi qiymətləndirilib və noyabrın 6-da
məhkəmə onu günahsız hesab edib.
Müdafiə tərəfi bildirib ki, atılan sendviç zərərsiz olub və
zabit gülləkeçirməz jilet geyindiyi üçün ona fiziki zərər dəyə
bilməzdi. Dann isə özünün yalnız Trampın siyasətini tənqid etdiyinə
görə hədəfə alındığını söyləyib.
İttiham aktına əsasən, 2025-ci ilin avqustunda Dann küçədə
Metropolitan Nəqliyyat Polisi və ABŞ Gömrük və Sərhəd Mühafizəsi
əməkdaşlarına yaxınlaşıb, onları təhqir edib və daha sonra
zabitlərdən birinin sinəsinə sendviç atıb. O, hadisə yerindən
qaçmağa çalışarkən saxlanılıb.
Baş prokuror Pam Bondinin sözlərinə görə, Dann əvvəllər ABŞ
Ədliyyə Nazirliyində çalışıb, lakin hadisədən sonra işdən azad
edilib.

