Bakıda “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə
Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr
olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

Trend xəbər
verir ki, festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış
mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri,
təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin
pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak
ediblər.

Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri,
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası,
o cümlədən Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi
məktəbinin, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin
kollektivləri, ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı ilə
ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında
vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.




Qeyd edək ki, Vətən müharibəsindəki qələbəyə həsr olunan
festival artıq 5-ci dəfədir ki, keçirilir və hər il gənclərin
vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün
mühüm platformaya çevrilib.

Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini
ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin
ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti
barədə uşaq və gəncləri məlumatlandırmaqdır.

Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi
nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə
türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını
nəzərdə tutur.