
Bakı. Trend:
8 Noyabr – Azərbaycan xalqının yaddaşında əbədi qalacaq bir
tarixdir. Bu gün təkcə hərbi qələbənin deyil, həm də milli
iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik düşüncəsinin
təntənəsidir. Məhz həmin gün – 2020-ci ilin 8 noyabrında,
Azərbaycan Ordusu Şuşanı azad etməklə, Vətən müharibəsində
həlledici mərhələyə qədəm qoydu və Ermənistanın kapitulyasiyasını
təmin edən əsas faktoru yaratdı. Lakin bu Qələbə ani qərarların və
ya qısa müddətli planların nəticəsi deyildi. Bu, illərlə
düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin bəhrəsi idi.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi çətin, lakin
qətiyyətli yol, ölkə rəhbərliyinin strateji baxışı və xalqın
birliyi sayəsində reallığa çevrildi.
Bunu Trend-ə
politoloq Azər Qarayev qdeyib.
“Bu gün 8 Noyabr təkcə torpaqların azad olunmasının simvolu
deyil – bu tarix Azərbaycan dövlətçiliyinin mübarizə və yenidən
doğuluş salnaməsidir. Qələbə Gününün arxasında duran proseslər,
uzun illər ərzində Prezident İlham Əliyevin apardığı ardıcıl
siyasətin və diplomatik mübarizənin zirvəsidir.
XX əsrin sonu Azərbaycan üçün həm azadlıq, həm də itkilər dövrü
idi. Yeni müstəqil dövlətin qarşısında həm siyasi, həm iqtisadi,
həm də hərbi baxımdan çoxsaylı çağırışlar vardı. Ordunun
formalaşmadığı, dövlət institutlarının zəif olduğu bir şəraitdə
Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal
olundu. O zaman beynəlxalq aləmdə Azərbaycanın səsi zəif
eşidilirdi. Həm daxili sabitlik, həm də beynəlxalq aləmdə vəziyyət
mürəkkəb idi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, dövlətin əsasları
möhkəmləndi. Məhz həmin dövrdə gələcək Qələbənin siyasi, diplomatik
və iqtisadi təməli qoyuldu.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə
ölkə inkişafın yeni mərhələsinə qədəm qoydu. Onun rəhbərliyi ilə
Azərbaycan planlı və sistemli şəkildə həm iqtisadi, həm də hərbi
baxımdan güclənməyə başladı. Prezident İlham Əliyev hələ ilk
illərdən bəyan etmişdi ki, Azərbaycanın iqtisadi gücü onun hərbi
gücünü şərtləndirəcək. Bu siyasət qısa zamanda öz nəticəsini verdi.
Azərbaycanın iqtisadiyyatı neft gəlirlərinin səmərəli idarə
olunması sayəsində regionun ən dinamik inkişaf edən iqtisadi
sisteminə çevrildi. Dövlət Neft Fondu vasitəsilə əldə olunan
gəlirlər birbaşa ordu quruculuğuna, sosial rifahın yüksəldilməsinə
və infrastrukturun modernləşdirilməsinə yönəldildi”, – o
bildirib.
Onun sözlərinə görə, 2000-ci illərin ortalarından etibarən
Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə
çevrildi. Yeni texnologiyalar, müasir silah sistemləri, kadr
islahatları və peşəkar zabit korpusu formalaşdırıldı. Orduda milli
ruhun yüksəldilməsi, döyüş hazırlığının artırılması, Türkiyə ilə
strateji hərbi əməkdaşlığın dərinləşməsi Qələbəyə gedən yolun ən
vacib tərkib hissələrindən idi. Prezident İlham Əliyev dəfələrlə
vurğulayırdı ki, biz hər an hazır olmalıyıq ki, doğma
torpaqlarımızı işğalçılardan azad edək. Bu, sadəcə siyasi bəyanat
deyildi – bu, illərlə davam edən psixoloji və ideoloji hazırlığın
ifadəsi idi.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dövrə –
diplomatik uğurlar dövrünə qədəm qoydu. Dövlət başçısının xarici
siyasəti balanslaşdırılmış və çoxvektorlu idi: həm Qərb, həm
Rusiya, həm də İslam dünyası ilə qarşılıqlı etimad mühitinə
əsaslanırdı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi
tanındı, BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı kimi platformalarda
fəal mövqe tutdu. Qarabağ məsələsində isə Ermənistanın təcavüzkar
imici tədricən ifşa edildi, dünya ictimaiyyəti Azərbaycanın haqlı
mövqeyini qəbul etməyə başladı. Bütün bunlar bir məqsədə xidmət
edirdi – Qarabağın azadlığı üçün diplomatik və hüquqi zəminin
möhkəmləndirilməsinə.
2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun növbəti
təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum
əməliyyatına başladı. Prezident İlham Əliyev “Biz öz torpağımızda
vuruşuruq, öz torpaqlarımızı azad edirik” deyərək əməliyyatların
mahiyyətini qəti şəkildə ortaya qoydu. Bu, təkcə hərbi əməliyyat
deyildi – bu, Azərbaycan xalqının 30 illik ədalət mübarizəsinin
başlanğıcı idi. Müharibə cəmi 44 gün çəkdi, amma bu qısa müddət
ərzində Azərbaycan Ordusu müasir hərbi tarixdə misli görünməmiş
taktiki və texnoloji üstünlük nümayiş etdirdi. Dron əməliyyatları,
real vaxt koordinasiyası, yüksək motivasiya və peşəkar rəhbərlik
Ermənistan ordusunu tam məğlubiyyətə uğratdı. Şuşanın azad olunması
müharibənin ən dramatik və həlledici məqamı idi. Dağlıq relyef,
əlverişsiz şərait və düşmənin müdafiə sədlərinə baxmayaraq,
Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Prezident İlham
Əliyevin həmin tarixi çıxışı – “Şuşa bizimdir! Qarabağ bizimdir!” –
təkcə bir hərbi xəbər deyildi, bu, Azərbaycanın yeni dövrünün
başlanğıcı idi. Şuşanın azad olunması Ermənistan ordusunun
psixoloji sarsıntısına səbəb oldu və 10 noyabr 2020-ci ildə
kapitulyasiya aktının imzalanması ilə nəticələndi. Bu qələbə təkcə
torpaqların geri alınması deyildi – bu, həm də ədalətin, milli
qürurun və suverenliyin bərpası idi. 30 il davam edən işğal
dövründə Azərbaycanın nə unudulmuş, nə də barışmış xalq olmadığını
bütün dünya gördü. Müharibə dövründə Prezident İlham Əliyev həm Ali
Baş Komandan, həm diplomatik lider, həm də milli rəmz rolunu
mükəmməl şəkildə yerinə yetirdi”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Vətən müharibəsindən sonra regionda
tamamilə yeni siyasi və təhlükəsizlik mühiti formalaşdı. Azərbaycan
qalib ölkə kimi regional nizamın aparıcı qüvvəsinə çevrildi.
“Lakin Qarabağda hələ də müəyyən qeyri-qanuni silahlı dəstələrin
mövcudluğu, separatçı qalıqların təxribatları və Ermənistanın sülh
prosesindən yayınması, Azərbaycanın suveren hüquqlarını tam
reallaşdırmasına mane olurdu. Prezident İlham Əliyev dəfələrlə
bəyan edirdi ki, “Ermənistan silahlı qüvvələrinin Azərbaycan
ərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlik
mənbəyidir”. Bu bəyanat beynəlxalq hüquqa tam uyğun idi, çünki
BMT-nin prinsiplərinə əsasən, hər bir dövlət öz suveren ərazisində
təhlükəsizlik və idarəetmə hüququna malikdir.
2023-cü ilin sentyabrında Qarabağ bölgəsində Ermənistan silahlı
qüvvələrinin törətdiyi növbəti təxribatlar fonunda Azərbaycan lokal
antiterror tədbirlərinə başladı. Əməliyyatlar cəmi bir sutka davam
etdi, lakin nəticə tarixi idi – separatçı rejim tamamilə məhv
edildi, silahlı dəstələr tərksilah olundu və Qarabağ ərazisində
Azərbaycanın suverenliyi tam bərpa edildi. Separatçı liderlər həbs
edildi və hazırda onların məhkəməsi Bakıda davam etdirilir. Bu
əməliyyatlar müharibə yox, hüquqi baxımdan konstitusion
qayda-nizamın bərpası idi. Prezident İlham Əliyev bu prosesi həm
hərbi, həm siyasi, həm də diplomatik baxımdan misilsiz dəqiqliklə
idarə etdi.
Torpaqlarımız tam azad edildikdən sonra Azərbaycan dövləti bu
ərazilərdə “Böyük Qayıdış” proqramını həyata keçirməyə başladı.
Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Ağdam kimi şəhərlərdə
bərpa işləri geniş vüsət aldı. Yeni yollar, hava limanları, enerji
xətləri, məktəblər, xəstəxanalar tikildi. Bu, yalnız fiziki
yenidənqurma deyildi – bu, xalqın ruhunun bərpası, dövlətin
gələcəyə yönəlmiş strateji baxışının təzahürü idi. Prezident İlham
Əliyev qeyd edib ki, “Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf
etmiş bölgələrindən birinə çevriləcək”. Bu baxış artıq reallığa
çevrilməkdədir. Qarabağda suverenliyin bərpasından sonra Azərbaycan
regionda dayanıqlı sülh və əməkdaşlıq gündəliyini irəli sürdü.
Prezident İlham Əliyevin mövqeyi aydın idi: “Biz sülh istəyirik,
biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh”.
Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsi beynəlxalq
hüququn beş əsas prinsipinə əsaslanırdı. Bu prinsiplər həm
beynəlxalq hüquq normalarına uyğundur, həm də bölgədə uzunmüddətli
sabitliyin təminatı kimi çıxış edir. Lakin Ermənistan hökuməti ilk
mərhələdə bu prosesə ciddi müqavimət göstərdi. Rəsmi İrəvan Qərb
dairələrinin təzyiqi və daxili radikal qrupların təsiri altında
sülh danışıqlarını uzatmaq siyasəti yürüdürdü. Prezident İlham
Əliyev bu vəziyyəti də soyuqqanlılıqla idarə etdi. O, həm Brüssel
formatında, həm Moskva, həm də Vaşinqton görüşlərində Azərbaycanın
milli maraqlarını dəyişməz prinsipial mövqelə müdafiə etdi. Bu
mərhələdə Azərbaycanın diplomatiyası həm də mədəniyyət və hüquq
diplomatiyası səviyyəsində işləyirdi. Azərbaycanın təqdim etdiyi
faktlar, müharibədən sonra həyata keçirilən bərpa siyasəti,
Ermənistanın revanşist ritorikasına qarşı beynəlxalq aləmdə
inandırıcı arqumentlər kimi qəbul olunurdu. Nəticədə, beynəlxalq
ictimaiyyət getdikcə daha açıq şəkildə qəbul etdi ki, Cənubi
Qafqazda sülh yalnız Azərbaycanın təklif etdiyi formatda
mümkündür”, – o bildirib.
Politoloq vurğulayıb ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda
ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev,
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald
Trampın üçtərəfli görüşü baş tutdu.
“Bu görüş Cənubi Qafqaz diplomatiyasının dönüş nöqtəsi kimi
tarixə düşdü. Vaşinqton formatı əvvəlki Brüssel və Moskva
danışıqlarından fərqli olaraq, tam nəticəyə yönəlmiş idi. Çünki
artıq mübahisəli məsələlər faktiki həll olunmuş, Azərbaycanın
suverenliyi tam bərpa edilmişdi. Vaşinqton görüşündə tərəflər
Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsini əsas götürərək
razılığa gəldilər. Sazişin paraflanması – yəni ilkin imzalanması –
faktiki olaraq münaqişənin hüquqi sonunu rəsmləşdirdi. Sənəddə bir
sıra vacib bəndlər yer aldı. Bu razılaşma Azərbaycanın diplomatik
qələbəsinin yekunu idi. Vaşinqtonda imzalanan sənəd bir çox
cəhətdən tarixi əhəmiyyət daşıyır: Regionda müharibə dövrü rəsmi
olaraq başa çatdı, Ermənistanın Azərbaycana qarşı iddiaları hüquqi
müstəvidə ləğv olundu, ABŞ və beynəlxalq ictimaiyyət Azərbaycanın
lider və təşəbbüskar tərəf kimi rolunu qəbul etdi, Cənubi Qafqazda
yeni inteqrasiya mərhələsi başlandı”, – o bildirib.
Onun sözlərinə görə, 8 Noyabr – Azərbaycan tarixində təkcə hərbi
zəfərin günü deyil. Bu gün xalqın iradəsinin, dövlətin qüdrətinin
və liderliyin təntənəsi kimi yaddaşlara həkk olunub.
“Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində ağır sınaqlardan
keçdi. Torpaqlar işğal olundu, yüz minlərlə insan məcburi köçkünə
çevrildi, beynəlxalq sistemdə səsi az eşidilən bir ölkə idi. Amma
bu xalq öz tarixini yenidən yazmaq gücünə malik idi. Və bu gücün
formalaşması, istiqamətlənməsi üçün liderlik faktoru həlledici rol
oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti
strateji düşüncəni milli iradə ilə birləşdirərək tarixdə nadir rast
gəlinən dönüş nöqtəsi yaratdı. Prezident İlham Əliyevin siyasi
xəttinin əsasında dövlətin müstəqilliyini möhkəmləndirmək, xalqın
rifahını təmin etmək və ədaləti bərpa etmək prinsipi dayanır”, –
politoloq deyib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyi
dünyaya çatdırılırdı.
“Müharibə zamanı Prezident İlham Əliyev həm cəbhənin, həm də
diplomatiyanın Ali Baş Komandanı idi. Onun BBC, CNN, Al Jazeera,
TRT və bir sıra digər qlobal media platformalarında apardığı
ideoloji mübarizə informasiya cəbhəsində həqiqətin qələbəsini təmin
etdi. Qarabağın azad olunması təkcə ərazi bütövlüyünün bərpası
deyil, həm də milli kimliyin, ruhun və qürurun dirçəlişi idi.
Şuşanın azadlığı Azərbaycan üçün təkcə hərbi əməliyyat deyildi –
bu, mədəniyyətin, tarixin və inancın azadlığı idi. Qarabağda
yenidən tikilən şəhərlər, qayıdan ailələr, bərpa edilən məscidlər
və məktəblər bu qələbənin bəşəri dəyərini təsdiqləyir. 2023-cü ilin
sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası tarixi
prosesin ikinci mərhələsi idi. Bu hadisə göstərdi ki, Azərbaycan
müharibəni yalnız torpaq üçün deyil, dövlətçilik prinsipləri üçün
aparmışdı. Ardınca başlayan sülh diplomatiyası artıq Azərbaycanın
təşəbbüsü ilə irəliləyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə
regionda sülh, inkişaf və əməkdaşlıq doktrinası formalaşdı.
Ermənistanı sülhə məcbur edən amil təkcə hərbi güc deyildi – bu,
həm də Azərbaycanın diplomatik və siyasi üstünlüyü idi. 2025-ci
ilin avqustunda Vaşinqtonda imzalanan sülh sazişinin paraflanması
da Azərbaycan diplomatiyasının zirvəsi oldu. Bu sənəd yalnız iki
ölkə arasında razılaşma deyildi – bu, Cənubi Qafqazda yeni dövrün
başlanğıcı idi. Sülh sazişi ilə Azərbaycan Ermənistanla münaqişəyə
hüquqi nöqtə qoyur, bölgədə təhlükəsizlik arxitekturasını
müəyyənləşdirir, öz təşəbbüsü ilə regional inteqrasiya prosesinin
liderinə çevrilir. Bu, Prezident İlham Əliyevin “Dağlıq Qarabağ
münaqişəsi artıq tarixdir” bəyanatının siyasi təcəssümü idi”, – o
bildirib.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan artıq yalnız qalib
dövlət deyil – lider ölkə statusundadır. Cənubi Qafqazda yeni
siyasi və iqtisadi nizam Azərbaycanın təşəbbüsləri əsasında
formalaşır.
“Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi, Cənub Qaz
Dəhlizi kimi layihələr regionu birləşdirən strateji arteriyalar
rolunu oynayır. Qarabağ və Şərqi Zəngəzur bölgələri isə
Azərbaycanın “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarının
mərkəzinə çevrilir. Azərbaycan beynəlxalq səviyyədə sülh və
təhlükəsizlik platforması kimi çıxış edir – COP29-a ev sahibliyi,
BMT platformalarında fəallıq bunun bariz sübutudur. Bütün bu
proseslərin mərkəzində Prezident İlham Əliyevin liderlik məktəbi
dayanır – bu məktəb praqmatizm, realizm və milli maraqlar üzərində
qurulub.
8 Noyabr indi təkcə qələbənin xatirəsi deyil – bu tarix gələcək
nəsillər üçün məsuliyyət və ilham günüdür. Bu gün azad Qarabağda
üçrəngli bayrağımız dalğalanırsa, bu, xalqın birliyi, ordunun
qəhrəmanlığı və Prezident İlham Əliyevin uzaqgörən siyasəti
sayəsindədir. İndi Azərbaycanın qarşısında yeni vəzifə dayanır –
Qarabağı bərpa etmək, sülhü qorumaq və gələcəyin nəsillərinə bu
ruhu ötürmək.
1990-cı illərin sarsıntısından 2025-ci ilin sülh sazişinədək
keçən 35 illik yol bir xalqın yenidən doğuluş salnaməsidir. Bu
yolun başlanğıcında ağrı, sonunda isə qürur dayanır. 8 Noyabr – bu
yolun zirvəsidir. Bu tarix, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan xalqının iradəsinin, səbrinin, gücünün və dövlət
düşüncəsinin təntənəsidir. Bu gün dünya Azərbaycanı qalib, ədalətli
və sülhpərvər dövlət kimi tanıyır”, – A.Qarayev əlavə edib.

