Bakı. Trend:
Çinin XPeng Aridge (əvvəllər AeroHT kimi tanınırdı) şirkəti
özünün “Land Aircraft Carrier” (LAC) adlı yeni nəqliyyat
vasitəsinin yığım zavodunda sınaq istehsalına start verib.
Trend xəbər verir
ki, bu barədə istehsalçının açıqlamasında bildirilib.
Məlumata görə, ilk nəqliyyat vasitəsi artıq montaj xəttindən
çıxıb. 120 min kvadratmetr sahəsi olan müəssisə ölkənin cənubundakı
Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərinin Huanpu rayonunda
yerləşir. Zavod ildə 10 minə qədər təyyarə modulu istehsal etməyi
planlaşdırır, ilkin mərhələdə isə 5 min ədədin istehsalı nəzərdə
tutulur. Tam gücdə fəaliyyət göstərən istehsal xətti hər 30
dəqiqədə bir təyyarə hazırlaya biləcək. Kütləvi istehsal və
çatdırılma 2026-cı ilə planlaşdırılır.
LAC altı təkərli elektrik mikroavtobusu bazasında hazırlanıb və
arxa hissəsində yerləşən uçan moduldan ibarətdir. Altı pərvanə ilə
təchiz olunan modul smartfon tətbiqi vasitəsilə avtomobildən
ayrılır. Quruluşda və pərlərdə davamlı, yüngül karbon lifindən
istifadə edilib. Nəqliyyat vasitəsi eyni zamanda uçan modul üçün
doldurma stansiyası rolunu oynayır.

