
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa
İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq
Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə
nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat
məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil
olub.
Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.
AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus
Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq
plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar
sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün
yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi
barədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmış
məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər
tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa
basdırılmaqla həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin
sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin
olunması istiqamətində tədbirləri davam etdirir.


