Qaradağ RİH və ƏMDX-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Baş səhifə

Bakı.Trend:

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət
Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, rüşvət müqabilində torpaq üzərində mülkiyyət
hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs
edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir
Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı
keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi
başlanıb.




İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun
qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti
başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini
icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin
əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə
edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini
Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ
rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin
rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri
üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının
təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə
rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar
Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova
müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs
halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə
ittiham elan edilib.

Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və
Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və
Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan
tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-əməliyyat-axtarış
tədbirləri davam etdirilir.