Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa
Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak
edib.

Trend xəbər verir ki, IDEA
İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə
təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər
arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil
prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin
təşviqidir.

Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə,
onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks
etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva
gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin
qorunması prosesində onların məsuliyyətinin vacibliyinin
vurğulayıb. O, qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə
böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.




Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin
artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı
inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz
fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin bədii hissə də nümayiş etdirilib.

Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı
gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji
istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq.
Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq
təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.