
Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi nüvə proqramı ilə əlaqədar
müzakirələrə yenidən başlamaq üçün mesajlar alıb.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu mesajların mahiyyəti lazımi zamanda
ictimaiyyətə açıqlanacaq.
12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ
arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5
raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər
naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə
heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə
heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv
Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü
raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya
paytaxtı Romada baş tutub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.


