Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşını
xristian dininə gətirmək istəyi ilə bağlı dediklərindən sonra
ictimai tənqid hədəfinə çevrilib.
Trend xəbər verir
ki, bu barədə “The New York Times” məlumat yayıb.
Missisipi Universitetində konservativ fəal Çarli Kirkin
xatirəsinə həsr olunan tədbirdə çıxış edən Vens, hind mənşəli və
hinduist ailəsində böyümüş həyat yoldaşı Aşanın bir gün katolikliyi
qəbul edəcəyinə ümid etdiyini bildirib.
Onun bu fikirləri sosial şəbəkələrdə və mediada geniş tənqidə
səbəb olub. ABŞ Hinduizm Fondunun icraçı direktoru Suhak Şukla qeyd
edib ki, belə açıqlamalar immiqrasiya siyasətinin sərtləşdiyi bir
dövrdə dini azlıqlar arasında narahatlığı artırır.
Vitse-prezidentin həyat yoldaşı bu məsələ ilə bağlı hər hansı
açıqlama verməyib. Vens isə “X” sosial şəbəkəsində yayılan
tənqidlərə cavab olaraq, onu həyat yoldaşının dininə hörmətsizlikdə
ittiham edənlərin sözlərini “iyrənc” və “antixristian
təəssübkeşliyi” nümunəsi adlandırıb.

