
Gürcüstanda vəzifəsindən sui-istifadədə ittiham olunan keçmiş nazir müavini həbs edilib.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.
Prokurorluğun məlumatına görə, Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama əsasən, o, “Lagi Capital” MMC-yə qanunsuz üstünlük verib və ona layihə üzrə avans ödəyib. Bildirilib ki, şirkət 2023-cü ildə aldığı avans vəsaitini təyinatı üzrə xərcləməyib və uşaq bağçası tikintisi başa çatmayıb. Nəticədə dövlətə maddi ziyan dəydiyi iddia olunur.
Prokuror bildirib ki, Qabunia istintaqla əməkdaşlıq etmir və yalnız həbs onun istintaqa mane olmasının qarşısını ala bilər. Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq 400 min lari girov təklif edib. Vəkillərin sözlərinə görə, materiallar gecə təqdim olunduğuna görə müdafiə tam tanış ola bilməyib və ittihamları əsaslandıran sübutlar yoxdur.
Qabunia məhkəmədə bildirib ki, heç vaxt maddi fayda əldə etməyib, layihələrin çoxluğu fonunda bəzi məqamları diqqətdən qaçıra bilib, lakin məqsədyönlü hərəkəti olmayıb.
Məhkəmə prosesinin növbəti iclası 18 dekabrda keçiriləcək.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia saxlanılıb. Keçmiş nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-ə yaxın ünvanda axtarışlar aparılıb.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


