
Bakı. Trend:
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının
milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin prezidenti
Abdelmacid Tebbunu və Əlcəzair xalqını təbrik edib.
Trend xəbər verir ki,
dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Sizə və Sizin
simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından
ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş
bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin,
sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin
təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq
münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına,
əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz
arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə
qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə
müvəffəqiyyətlə davam edəcəkdir”.
“Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və
rifah diləyirəm”, – deyə məktubda bildirilib.

