
Bakı. Trend:
Kənd təsərrüfatının inkişafı Bolqarıstan və Azərbaycanın
strateji prioritetlərindəndir.
Trend-in
Bolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinə istinadən
verdiyi məlumata görə, bu barədə Sofiyada keçirilən
Bolqarıstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyasının 7-ci iclasında Bolqarıstanın nazir müavini Lozana
Vasileva bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı təkcə ənənəvi deyil, həm də
perspektivli bir sahədir və hər iki tərəf bu istiqamətdə bilik,
texnologiya və yaxşı təcrübə mübadiləsi aparmaqla nəticə əldə edə
bilər.
“Biz kənd təsərrüfatı elmi və texnikası, akvakultura, dayanıqlı
balıqçılıq idarəçiliyi və balıq məhsulları ticarətinin inkişafı
kimi bir sıra sahələrdə səylərimizi birləşdirə bilərik”, – deyə o
əlavə edib.
Vasileva həmçinin Bolqarıstan və Azərbaycan şirkətlərinin hər
iki ölkədə keçirilən beynəlxalq sərgilərdə və yarmarkalarda
iştirakının vacibliyini vurğulayıb.
“İkitərəfli münasibətlərin mühüm elementi Bolqarıstan Qida
Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi arasında əməkdaşlığın dərinləşdirilməsidir. Bu əməkdaşlıq
qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində təcrübə
mübadiləsini, həmçinin baytarlıq və fitosanitar nəzarət altında
məhsulların idxal və ixracının əlaqələndirilməsini nəzərdə tutur”,
– deyə Vasileva bildirib.
Sonda nazir müavini qeyd edib ki, bu cür forumlar iqtisadi və
kənd təsərrüfatı əməkdaşlığına yeni təkan verəcək və gələcək
uğurlar üçün möhkəm əsas yaradacaq.

