
Bakı. Trend:
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Azərbaycanın
Suveren Kredit Reytinqi və İqtisadi Perspektivləri: Qafqazın və
Mərkəzi Asiyanın Regional Potensialının Aşkarlanması” mövzusunda
tədbir keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Britaniyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı və
xarici mütəxəssislər, “City of London” Korporasiyasının, dövlət
qurumlarının nümayəndələri, iqtisadi sahə üzrə ekspertlər iştirak
ediblər.
Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşı
və Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, cari ildə
Azərbaycanın iqtisadi inkişaf yolunda mühüm nailiyyət əldə etdiyini
vurğulayıb. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi
tərəfindən Azərbaycan Respublikasının suveren kredit reytinqi
göstəricisinin “Ba1” səviyyəsindən “Baa3” investisiya səviyyəsinə
yüksəldilib. Xüsusilə son on il ərzində Azərbaycan hökumətinin
iqtisadi sahədə aydın və məqsədyönlü strategiya həyata keçirdiyini,
ölkənin iqtisadi dayanıqlılığının gücləndirdiyini və uzunmüddətli
rəqabət qabiliyyətinin artırdığını söyləyib. “Moody’s”
təşkilatının, eləcə də digər reytinq agentliklərinin Azərbaycanla
bağlı müsbət qərarının ölkədə aparılan iqtisadi islahatlara
göstərilən böyük etimadın nəticəsi olduğunu söyləyib. Camal
İsmayılov qeyd edib ki, bu nailiyyət Azərbaycanı daha da
ruhlandırmalı, institusional islahatları dərinləşdirməyə, özəl
sektoru genişləndirməyə və Birləşmiş Krallıq da daxil olmaqla,
dünyadakı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirməyə sövq
etməlidir.
Panel müzakirə zamanı “Moody’s” Kredit Agentliyinin
vitse-prezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co”
İnvestisiya Bankının aparıcı analitiki Gabin Levy çıxış edib.
Onlar Azərbaycanın suveren kredit reytinqi və iqtisadi
dayanıqlılığı barədə məlumat veriblər. “Moody’s” kredit
agentliyinin Azərbaycanla bağlı reytinq qərarını əsaslandıran
ölkənin fiskal siyasəti, makroiqtisadi göstəriciləri, neftdən
asılılığının azaldılması, iqtisadi şaxələndirmə səyləri, investor
etimadı, institusional islahatlar, maliyyə imkanları eləcə də
Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycanın nəqliyyat,
logistika və iqtisadi inteqrasiya nöqteyi nəzərindən strateji
mövqeyi barədə fikirlərini bölüşüb. Mütəxəssislər xüsusilə 8 avqust
Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında
normallaşma prosesinin ölkənin investisiya reytinqinin yüksəlməsinə
əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbir zamanı çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin
Süleymanov bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlər
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
uzaqgörən və müdrik siyasi, iqtisadi, sosial islahatların
nəticəsidir. Səfir, həmçinin Azərbaycanla Ermənistan arasında ilkin
sülh razılaşmasının imzalanması və normallaşma prosesinin yalnız
iki ölkə üçün deyil ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya
regionu üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bununla
regional ticarət və nəqliyyat dəhlizlərinin daha effektiv
işləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə,
həmçinin iqtisadi əməkdaşlıq və investisiya axınlarının artmasına
əlverişli şəraitin yaranacağını vurğulayıb.
Tədbirin yekununda Azərbaycan – Britaniya Biznes Şurasının təsis
edildiyi elan olunub. Təşkilatın əsas məqsədi iki ölkə arasında
ticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektlərinin
bir-biri ilə əlaqə qurmasına dəstək vermək, ikitərəfli ticarətin,
təcrübə və bilik mübadiləsini təşviq etmək, biznes icmasının
maraqlarını müdafiə etmək və mədəni sahədə əlaqələri
gücləndirməkdən ibarətdir.


